“Sivilizasiyalararası
dialoqda Azərbaycanın özünəməxsus
missiyası var”
Kristina Baqlay: “Şərq və Qərb, müsəlmanlar
və xristianlar arasında dialoq
çox mürəkkəb prosesdir. Lakin vacib dialoqdur. Ən pisi odur ki,
dialoq, ümumiyyətlə, olmasın”
Mayın 29-dan iyunun 1-dək Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları sırasında Avropa Şurasının “Mədəniyyətlərarası şəhərlər” (Intercultural Cities - ICC) proqramının nümayəndəsi Kristina Baqlay (Christina Baglai) da vardı. Forum çərçivəsində keçirilən sessiyaların biri “XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması” mövzusuna həsr olunmuşdu. Kristina Baqlay ilə müsahibəmiz də Mədəniyyətlərarası şəhərlər” proqramı, ölkəmizin bu layihədə iştirakı və gələcək əməkdaşlıq məsələləri barədə oldu.
Həmsöhbətim öncə “Mədəniyyətlərarası şəhərlər” proqramının konsepsiyası, məqsəd və məramı haqqında danışdı:
- Bu, 2008-ci ildən Avropa Şurasının şəhərlərə kömək məqsədilə həyata keçirdiyi proqramdır. Proqram Avropanın 60-a yaxın şəhərində qəbul edilib, müxtəliflik və faydalılıq prinsiplərinə əsaslanır. “Mədəniyyətlərarası şəhərlər” layihəsi daha çox milli azlıqların yaşadığı şəhərlərə yönəlib. Biz çalışırıq ki, şəhərlər müxtəliflik siyasətini inkişaf etdirsinlər və ondan fayda götürsünlər. Bu baxımdan müxtəlif sahələrdə müxtəlif taktikalarla işləyirik: məsələn, öhdəliklər, idarəetmə, siyasi iştirak. Eyni zamanda, mədəniyyət və ictimaiyyətlə bağlı işlər görürük. Beləliklə, biz bütün sahələri əhatə etməyə çalışırıq. “Mədəniyyətlərarası şəhərlər” Avropa Şurası və Avropa Komissiyasının birgə layihəsidir. Daha konkret yanaşsaq, layihənin məqsədi miqrant və azlıqlara aid yeni ideya və təcrübələrin stimullaşdırılması, mədəniyyətlərarası şəhərlər şəbəkəsi vasitəsilə miqrasiya və müxtəlifliklərlə üzləşən şəhərlər arasında təcrübə mübadiləsini asanlaşdırmaqdır. Şəbəkə şəhər icmasını, siyasətçiləri, akademik çevrələri və cəmiyyət üzvlərini öyrədir, proqramın iştirakçıları şəhərlərin müxtəlifliyə pozitiv cavab verməsinə imkan yaratmaq üçün bir-birlərinin təcrübəsindən yararlanırlar. Bu gün Avropanın və dünyanın əksər şəhərlərində əhalinin etnik, mədəni müxtəlifliyi artmaqdadır. İnsanlar iş və yeni imkanlar tapmaq üçün sərhədləri aşaraq şəhərlərə axın edirlər. Başqa şəhərlər isə xüsusilə də regional konfliktlər olan yerlərdə milli azlıqları da özünə cəlb edən cəmiyyət yaratmaq uğrunda mübarizə aparır. Bir sözlə, şəbəkənin fəaliyyəti şəhər rəsmilərini, inzibati işçiləri, xidmət təminatçıları, peşəkarları və vətəndaş cəmiyyəti təşkilatlarını cəlb etməklə mədəniyyətlərarası dünyagörüşü inkişaf etdirmək, şəhərlər üçün strategiya hazırlamaq, mədəniyyətlərarası bacarıqları artırmaq üzərində qurulub.
- “Mədəniyyətlərarası şəhərlər” proqramı üzrə hansı milli şəbəkələr fəaliyyət göstərir?
- Bu proqram üzrə hazırda 5 milli şəbəkə fəaliyyət göstərir: İtaliya, Norveç, Portuqaliya, İspaniya və Ukrayna. Biz öz layihəmizlə müxtəlif istiqamətləri vurğulayırıq. Çünki müxtəlif mədəni icmalar var. Beləliklə, bu icmaların qərarları da daxil olmaqla, onları bir araya gətirmək istəyirik. Eyni zamanda, “Mədəniyyətlərarası şəhərlər” proqramının müxtəlif ölkələrdən ekspertləri var. Məsələn, Bakı Forumunda Çin də daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən 9 ekspert iştirak edib. Onlarla mədəniyyətlərarası dialoq işlərini gələcəkdə bu ölkələrdə qurmaqla bağlı təcrübə mübadiləsi aparmaqdan, fikir paylaşmaqdan çox məmnun olduq.
- Azərbaycanla əməkdaşlıq necə həyata keçirilir? Yaxın gələcəkdə hansı birgə layihələri reallaşdırmaq niyyətindəsiniz?
- Bildiyiniz kimi, Azərbaycan Avropa Şurasının 47 üzvündən biridir. Böyük məmnunluq hissi keçirirəm ki, ölkəniz «Mədəniyyətlərarası şəhərlər» layihəsinə önəm verir. Bu sahədə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edirik. Hələ iki il öncə nazirlik kiçik icmaların, azlıqların birgə yaşayışına nümunə kimi göstəriləcək şəhərləri seçmək üçün Azərbaycanın müxtəlif şəhərlərinə səfərlərimizi təşkil edib. Düşünürəm ki, bu şəhərlərdən biri bizim proqramımıza daxil edilə bilər. Azərbaycanın bizimlə əməkdaşlığı davam etdirməsi üçün ona yardım edirik. Bakı Forumu çərçivəsində “Mədəniyyətlərarası şəhərlər” layihəsi təqdim olundu. Artıq ikinci dəfədir ki, biz bu Forumla bağlı Azərbaycana səfər edirik. Ümid edirəm ki, yaxın gələcəkdə əməkdaşlığımız daha da genişlənəcək.
- “Mədəniyyətlərarası şəhərlər” layihəsi Avropada başlayıb. Bunu Şərqə doğru genişləndirmək niyyətiniz varmı?
- Artıq Şərqi Avropadan bir sıra ölkələr bizim layihədə iştirak edirlər. Məsələn, Ukrayna şəbəkəsi çox yaxşı inkişafdadır və onun işini Aleksandra Butenko koordinasiya edir. Biz Rusiya, Yaponiya, Misir şəhərləri ilə də əməkdaşlıq edirik.
- Hazırda dünyanın müxtəlif yerlərində, o cümlədən Yaxın Şərqdə baş verən silahlı toqquşmalarda dünya mədəniyyətinin beşiyi olan şəhərlər dağıdılır, mədəniyyət abidələri məhv edilir. Buna münasibətiniz necədir?
- Mədəni irsi qorumaq, mühafizə etmək çox vacibdir. Eyni zamanda, bu vəziyyətə konseptual yanaşmaq lazımdır. Nə baş verə biləcəyini əvvəlcədən düşünmək və bununla bağlı tədbirlər görmək lazımdır. İlk növbədə, insanlar maarifləndirilməlidir. Müxtəlif insanlar dünyagörüşü baxımından eyni səviyyədə olsalar, onlar keçmişdən qalan mədəni irsi qoruyacaqlar. Yalnız bu halda onlar bir-birilərinə kömək edə biləcəklər.
- Azərbaycanın Avropa Şurasının üzvü kimi mədəniyyətlərarası dialoq sahəsində rolunu necə dəyərləndirirsiniz?
- Azərbaycan Avropa Şurasının mədəni əməkdaşlıq, xüsusilə mədəniyyətlərarası dialoq sahəsində olduqca aktiv ölkələrindən biridir, bu sahədə geniş fəaliyyət göstərir. Ölkənizin mədəniyyətlərarası dialoqla bağlı belə mötəbər tədbirə ev sahibliyi etməsi də dünyaya nümunədir. Azərbaycan tarixən Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolu oynayıb. Həmçinin Avropa Şurası və İslam Konfransı Təşkilatına üzv olmasını nəzərə alsaq, sivilizasiyalararası dialoqda Azərbaycanın özünəməxsus missiyası var. Bundan başqa, artıq digər ölkələrdə yaranmış sabitlik bu mədəniyyətləri konstruktiv və sülh yolu ilə birləşdirmək üçün yol tapmağa şərait yaradır. Bu baxımdan Azərbaycan, Bakı dialoq üçün əlverişli məkandır. Dünya ölkələrini, insanları bir araya gətirmək baxımından Azərbaycan hökumətinin təşəbbüsü çox mühüm oldu. Çünki azərbaycanlılar Avropada və dünyada təbiətən dostpərvər, qonaqpərvər insanlar kimi tanınırlar. Onlar iki qitədə, iki dünyada yaşayırlar. Hər kəs başa düşür ki, başqa dünya ilə ünsiyyət qurmaq, dialoq yaratmaq çox vacibdir. Şərq və Qərb, Avropa və qeyri-Avropa dövlətləri, müsəlmanlar və xristianlar arasında dialoq çox mürəkkəb prosesdir. Lakin vacib dialoqdur. Müxtəlif dialoqlar eyni vaxtda baş verə bilir. Dialoqun səviyyələri də müxtəlif ola bilər. Ən pisi odur ki, dialoq, ümumiyyətlə, olmasın. Bu, vəziyyəti mürəkkəbləşdirir.
- Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumunu necə qiymətləndirirsiniz?
- Bakı Forumu müxtəlif ölkələri bir araya gətirmək və onlara öz təcrübələrini bölüşmək, eyni zamanda bir-birindən öyrənmək üçün gözəl fürsət idi. Forumun iki sessiyasında iştirak etdik, ümid edirik ki, Azərbaycan da daxil olmaqla, Avropa Şurasına üzv olan digər ölkələrlə də əməkdaşlığı davam etdirəcəyik. Dünyada konfliktlərin artdığı bir zamanda bu tədbir olduqca mühüm təşəbbüsdür. Dünyanın müxtəlif yerlərində diskriminasiya halları, münaqişələr, etirazlar artıb və biz bu problemləri birlikdə həll etməyə çalışmalıyıq. Bu baxımdan Bakı Forumu müxtəlif ölkələrdən olan tərəfdaşlarımızla təcrübə mübadiləsi, qiymətləndirmə, geriyə baxmaq üçün yaxşı bir imkandır. Hökumət nümayəndələri, ekspertlər, sənətçilər, qeyri-hökumət nümayəndələri ilə birgə bugünkü dünyada dialoqu inkişaf etdirmək üçün nə edə bilərik sualına cavab tapmalıyıq. Bakı Forumunun ənənəvi olaraq keçiriləcəyinə ümid edirik. Düşünürük ki, növbəti mərhələlərdə daha praktiki layihələr işləyə biləcəyik ki, bununla da mədəniyyətlərarası dialoqun münaqişələrin həllinə necə kömək göstərməsini nümayiş etdirmək mümkün olacaq.
Mehparə
Mədəniyyət.- 2013.- 12 iyun.-
S. 7.